çərşənbə 17 iyun 2026 - 10:17
Mumbayda “Siyasi və coğrafi sərhədlərdən kənarda Minab şəhərinin uşaqları ilə həmrəylik” adlı tədbir keçirilib

Hövzə / Hindistanın Mumbay şəhərində alimlər, universitet müəllimləri, tələbələr və müxtəlif ictimai təbəqələrin nümayəndələrinin iştirakı ilə “Siyasi və coğrafi sərhədlərdən kənarda Minab şəhərinin uşaqları ilə həmrəylik” adlı tədbir keçirilib.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Hindistanın Mumbai şəhərində alimlər, universitet müəllimləri, tələbələr və həmçinin müxtəlif ictimai təbəqələrin nümayəndələrinin iştirakı ilə “Siyasi və coğrafi sərhədlərdən kənarda Minab şəhərinin uşaqları ilə həmrəylik” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları insan həyatının, xüsusilə də uşaqların həyatının dəyərini vurğulayaraq bildiriblər ki, uşaqlar siyasi maraqların və coğrafi qarşıdurmaların qurbanına çevrilməməlidir. Onlar beynəlxalq ictimaiyyəti zülm, zorakılıq və ədalətsizlik qarşısında susmamağa çağırıblar.

Mumbayda “Siyasi və coğrafi sərhədlərdən kənarda Minab şəhərinin uşaqları ilə həmrəylik” adlı tədbir keçirilib

Bu tədbirdə Hindistanda İran İslam İnqilabının Ali Məqamlı Rəhbərinin nümayəndəsi Höccətül-İslam vəl-müslimin Əbdülməcid Həkim İlahi tərəfindən göndərilmiş videomüraciət iştirakçılar üçün nümayiş etdirilib.

O, müraciətində Şəhid Ayətullah Seyid Əli Xameneinin şəhadətindən sonra Hindistan xalqının İran xalqı ilə həmrəylik nümayiş etdirməsinə görə təşəkkür edib. Bildirib ki, Hindistan xalqının başsağlığı mesajları, duaları və məhəbbət ifadələri İran və Hindistan xalqları arasında mövcud olan tarixi dostluğun və qarşılıqlı ehtiramın təzahürüdür.

Vilayəti-fəqihin nümayəndəsi vurğulayıb ki, çətin günlərdə və kədərli anlarda bu cür həmrəylik nümunələri xalqlar arasında insani əlaqələri, qardaşlıq və birlik ruhunu daha da möhkəmləndirir.

Hindistan parlamentinin keçmiş deputatı və tanınmış hüquqşünas Məcid Meymən Minab şəhərinin tam orta məktəbində baş vermiş hadisəni “bəşəriyyətin vicdanını sarsıdan faciə” adlandıraraq bildirib ki, parlaq gələcək arzusu ilə məktəbə yollanan uşaqlar zorakılıq və müharibənin qurbanına çevriliblər.

O, müharibənin heç vaxt problemlərin həlli yolu olmadığını vurğulayaraq qeyd edib ki, müharibə yalnız dağıntılar, iztirablar və humanitar fəlakətlərin artması ilə nəticələnir. Meymən hadisəyə beynəlxalq ictimaiyyətin təsirli reaksiya verməməsindən təəssüfləndiyini bildirərək, bu kimi faciələr qarşısında qlobal həmrəyliyə çağırış edib.

Banqalordan olan universitet müəllimi və ictimai fəal Ağa Sultan da günahsız uşaqların şəhadətini bəşəriyyətin vicdanında açılmış yara kimi qiymətləndirib. O bildirib ki, 168 uşağın şəhadəti dünyanın bütün azadlıqsevər və ədalətpərvər insanlarını dərin kədərə qərq edib.

Ağa Sultan beynəlxalq qurumların fəaliyyətini tənqid edərək qeyd edib ki, müxtəlif qətnamələrin qəbul olunmasına baxmayaraq, bu cinayətlərə görə real ədalət və cavabdehlik hələ də müşahidə olunmur. O, həmçinin İmam Hüseynin (ə) təlimlərini əsas götürərək zülmə qarşı dayanmağı və insanlığı müdafiə etməyi mənəvi və insani vəzifə kimi dəyərləndirib.

Brigada generalı doktor Cey-Di Hindi isə çıxışında İran və Hindistan arasında mövcud olan tarixi, mədəni və sivilizasiya əlaqələrinə toxunaraq bildirib ki, hər iki ölkə tarix boyu xarici təzyiqlər və çağırışlar qarşısında müqavimət göstərib, xalqları arasında dərin insani və mədəni bağlar qorunub saxlanılıb.

O, Minab şəhərindəki tam orta məktəbdə baş vermiş hadisədə 168 şagirdin şəhadətindən dərin kədər hissi keçirdiyini bildirərək bu hadisəni bəşəriyyət üçün böyük faciə adlandırıb və həlak olanların ailələrinə başsağlığı verib. Qeyd edib ki, xalqlar səbir, birlik və fədakarlıq ruhiyyəsi sayəsində ən çətin sınaqların öhdəsindən gələ bilərlər.

Hindistanın sabiq baş naziri Atal Bihari Vacpayinin keçmiş müşaviri və tanınmış jurnalist Sudhindra Kulkarni də çıxışında müharibələrin humanitar nəticələri barədə xəbərdarlıq edib. O, mülki şəxslərin, xüsusilə uşaqların qorunmasının vacibliyini vurğulayaraq bildirib ki, uşaqların təhlükəsizliyi və sağlamlığı qlobal prioritet kimi qəbul edilməli, beynəlxalq ictimaiyyət günahsız insanların əzablarına biganə qalmamalıdır.

Tədbirdə həmçinin müxtəlif elm, mədəniyyət və media nümayəndələri iştirak ediblər. Onların arasında Hindistanda İslam İnqilabının Ali Məqamlı Rəhbərinin nümayəndəsinin müavini doktor Məhəmmədhüseyn Ziyayiniya və Racya Sabhanın sabiq üzvü, tanınmış hindistanlı jurnalist Kumar Ketkar da yer alıblar.

Hindistanlı uşaqlardan Minab şəhərinin tam orta məktəbinin şagirdlərinə həmrəylik mesajı

Tədbirin sonunda Mumbaydakı İran Mədəniyyət Mərkəzinin rəhbəri doktor Məhəmmədrza Fazil təşkilatçılara və iştirakçılara təşəkkür edib. O bildirib ki, hindistanlı şagirdlərin çəkdikləri rəsmlər və hazırladıqları incəsənət nümunələri Minab şəhərinin tam orta məktəbinə göndəriləcək. Məqsəd Hindistan uşaqlarının sevgi, həmrəylik və başsağlığı mesajlarını zərərçəkmiş şagirdlərə və onların ailələrinə çatdırmaqdır.

Sülh və insanlıq mövzusunda rəsm sərgisi

Proqramın diqqətçəkən hissələrindən biri şagirdlərin geniş iştirakı ilə təşkil olunan sülh, dostluq və insani həmrəylik mövzusunda rəsm sərgisi olub.

Sərgidə iştirak edən uşaqlar incəsənətin dili ilə müharibə və zorakılığa etirazlarını ifadə edərək, dünyada sülhün, dostluğun və uşaqların müdafiəsinin əhəmiyyətini ön plana çəkiblər.

Tədbirin sonunda iştirakçılar uşaqların müharibə və zorakılığın nəticələrindən qorunması istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb, xalqlar arasında humanist dəyərlərin, sülhün və dinc birgəyaşayışın gücləndirilməsinə çağırıblar.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha